Polşa Respublikasının Bakıdakı Səfirliyi Polşanın turistik yerlərini təbliğ edir
28.05.2022
Bu il mayın 28-i Heydər Əliyev hava limanında LOT Polşa Hava Yollarının ilk təyyarəsi Varşava-Bakı marşrutu üzrə müntəzəm uçuş əlaqəsinə başladı.
Polşa ilə Azərbaycan paytaxtları arasında uzun illər davam edən səylərdən sonra açılmış birbaşa aviareyslər, şübhəsiz ki, hər iki ölkənin sakinləri, onların siyasi, işgüzar və sosial-mədəni dairələrinin nümayəndələri arasında əlaqələrin inkişafı ilə nəticələnəcəkdir. Polşa-Azərbaycan turist axını da artacaqdır.
Polşanın turizm cəlbediciliyini təbliğ etmək məqsədilə Polşa Respublikasının Bakıdakı Səfirliyi tərəfindən PLL LOT, Polşa Turizm Təşkilatı, Polşa Turizm Palatasının və Polşa turizm agentliklərinin nümayəndələrinin iştirakı ilə görüş təşkil edilib. Ev sahiblərini Azərbaycan Səyahət Agentlikləri Assosiasiyası, Azərbaycanın turizm agentliklərinin və day.az portalının nümayəndələri təmsil ediblər. Görüş zamanı Polşa Turizm Palatası və Azərbaycan Səyahət Agentlikləri Assosiasiyası arasında Azərbaycan və Polşa arasında turist axınının artırılmasına yönəlmiş birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıbdır.